MUTAFLOR® oral suspenziya
MUTAFLOR®
Tərkibi
Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 1917 ≥ 108 Escherichia coli Nissle ştammı vardır.
Köməkçi maddələr: təmizlənmiş su, natrium xlorid, kalium xlorid, maqnezium sulfat heptohidrat, kalsium xlorid dihidrat, maqnezium xlorid heksahidrat, natrium hidroxlorid məhlulu 32%.
Təsviri
Bej rəngli, bulanıq suspenziyadır.
Farmakoterapevtik qrupu
Probiotik.
ATC kodu: A07EF01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
E.coli bağırsaqda fəaliyyətə başlayan ilk saprofit bakteriyalardır. Bağırsaqda digər saprofit bakteriyaların fəaliyyət göstərməsinə şərait yaradır və patogen floranı məhv edir. Bu bakteriyalar aerob olduğundan, onlar bağırsaqda olan sərbəst oksigenlə tənəffüs edilər və bu da anaerob bakteriaların, xüsusəndə bifidobakteriyaların yerləşməsinə və regenerasiyasına şərait yaradır. E.coli bağırsaqda olan karbohidratları parçalayır, nəticədə pH aşağı düşür və laktobakteriyaların artmasına və bağırsaq kinetikasının normallaşmasına şərait yaradır. Bununla yanaşı E.coli-nin metabolitləri bağırsaqda olan iltihabı aradan qaldırır və enterositlər üçün energetik substrat rolunu oynayır. E.coli patogen bakteriyalarla antaqonistlik təşkil edərək onları məhv edir və onların bağırsaq divarınına invaziyasının qarşısını alır. Bununla yanaşı E.coli bağırsaqda olan yerli antibakterial zülalların sintezini artırır, həmçinin bağırsaqda yerləşən makrofaqlara təsir edərək iltihabəleyhinə olan sitokinlərin sintezini stimullaşdırır.
Farmakokinetikası
Daxilə qəbul olunduqdan sonra ilk gündən başlayaraq 8 həftəyə qədər olan müddətdə xəstənin nəcisində E.coli ştamları tapılır.
İstifadəsinə göstərişlər
Zond vasitəsi ilə qidalanan uşaqlarda ishal
Süni qidalanmada olan uşaqlarda ishal
Vaxtından əvvəl və yenidoğulmuşlarda orqanizimdə təbii müdafiə sisteminin yüksəlməsi (infeksiyanın profilaktikası)
Vaxtından əvvəl və yenidoğulmuşlarda bağırsaqda patogen bakteriyaların kolonizasiyasının profilaktikası
Əks göstərişlər
Preparatın tərkib hissəsindəki komponentə qarşı hiperhəssaslıq.
Yarımçıq doğulan, çəkisi 1000 qrama qədər olan uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İmmun çatışmazlığı olan xəstələrə ehtiyatla təyin edilməlidir. İshal zamanı orqanizmin susuzlaşması və elektrolit disbalansı nəzərə alınmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antibiotiklərlə yanaşı istifadəsi, preparatın təsirini azalda bilər, ona görə də antibiotiklərlə yanaşı istifadəsi məsləhət deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Mutaflor preparatının tərkibindəki komponent bağırsaqda yaşayan bakteriyadır. Preparat hamiləlik və laktasiya dövründə olan qadınların istifadəsi üçün nəzərdə tutulmayıb.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Diqqət tələb edən işlərdə hər hansı mənfi təsiri aşkar edilməyib.
İstifadə qaydası və dozası
Tək dozalı qabı açmaq üçün blokdan qoparın. İstifadə etməzdən əvvəl yaxşı silkələyin və qapağı açın. Suspansiyanı birbaşa qablardan ağıza, körpələrə qidalanmadan əvvəl, kiçik uşaqlara yeməkdən sonra verilə bilər.
İshal: körpələrdə və uşaqlarda 1 ml/gün 1-3 gün ərzində. Kəskin ishalda 1 ml/gün 5 gün, xroniki ishalda 1ml/gün 15 gün.
Zond vasitəsi ilə qidalanan uşaqlarda ishal: 1 ml/gün 1-5 ml-dən ishalın periodundan asılı olaraq 5 gün.
Yenidoğulmuşlarda təbii müdafiə sisteminin yüksəlməsi: Həyatının 1-ci həftəsində 1 ml gündə 1 dəfə, 2-ci və 3-cü həftəsində 1 ml/gün həftədə 3 dəfə.
Bağırsaqda patogen bakteriyaların kolonizasiyasının profilakikası: Yenidoğulmuşlara 1 ml/gün ən azı 5 gün.
İstifadə müddəti
Kəskin ishalda 5 gündən az olmamaqla.
Xroniki ishalda 15 gündən az olmamaqla.
Zond vasitəsi ilə qidalanma zamanı 5 gün.
Yenidoğulmuşlarda təbii müdafiə sisteminin yüksəlməsi zamanı 1-3 həftə.
Bağırsaqda patogen bakteriyaların kolonizasiyasının profilakikası zamanı 5 gündən az olmayaraq qəbul edilir.
Əlavə sualınız yaranarsa, həkimlə məsləhətləşməniz tövsiyə edilir.
Açılmış ampula 3 ay ərzində istifadə olunmalıdır.
Əlavə təsirləri
Preparatı qəbul edildiyi ilk gündə ishal müşahidə edilə bilər. Bundan başqa, nadir hallarda qarın nahiyəsində ağrılar, köp, keçici dispeptik pozulmalar, səpgi, ürəkbulanma, qusma kimi hallara rast gəlmək olar. Çox nadir hallarda allergiya və çəkisi 1000 q-dan aşağı olan yarımçıq doğulmuş uşaqlarda sepsis müşahidə edilə bilər.
Əgər əlavə təsirlərdən hər hansı biri ciddiləşərsə və ya bu içlik vərəqində qeyd olunmayan hər hansı bir əlavə təsirləri müşahidə etsəniz, həkiminizə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Əgər uşağınıza təyin olunduğundan daha çox MUTAFLOR® suspenziya versəniz
Xüsusi tədbirlər tələb olunmur.
MUTAFLOR® Suspenziya istifadə etməyi unutmusunuzsa
Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin.
MUTAFLOR® suspenziyasından istifadəni dayandırsanız
Xüsusi ehtiyat tədbirləri tələb olunmur.
Bu məhsulun istifadəsi ilə bağlı əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Buraxılış forması
1 ml məhlul polietilen ampulda. 5 ampul saşedə. 1 saşe içlik vərəqə ilə bilrikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
2-8°C arası temperaturda, soyuducuda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
1 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Pharma- Zentrale GmbH, Germany.
Loerfeldstrasse 20, 58313 Herdecke, Germany.
Qeydiyyat vəsiqəsinin sahibi
Ardeypharm GmbH, Germany.
Loerfeldstrasse 20, 58313 Herdecke, Germany.